Bakıda 110 yaşlı şəxs əməliyyat olunub

12 Mart 2025 14:27 (UTC+04:00)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) icra edilib.

Bu barədə ATU-dan məlumat verilib.

Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri Cəfər Nəsirli bildirib ki, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatı apaılması qərarı verilib:

"Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan pasiyent əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb".

Qeyd edək ki, omba protezi əməliyyatı - bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayır.