HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar

12 Mart 2025 16:34 (UTC+04:00)

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.

Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Bu barədəMüdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar plana uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

"Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb.