“Məlum olduğu kimi, dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində Birləşmiş Ştatlar və Ukrayna nümayəndə heyətləri arasında saatlarla davam edən görüş baş tutub. Görüş nəticəsində razılaşma əldə edilib. Belə ki, Ukrayna bir aylıq atəşkəs elan olunmasına razılıq verib. Bu isə ondan xəbər verir ki, Ukrayna əvvəlki mövqeyindən müəyyən qədər geri çəkilib. Çünki bir müddət əvvəl Tramp administrasiyası müvəqqəti atəşkəs təklif edəndə, Prezident Zelenski və onun komandası bildirmişdi ki, Ukraynaya əvvəlcə təhlükəsizlik qarantiyaları verilməlidir, yalnız bundan sonra atəşkəs məsələsi müzakirə oluna bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ilə rusiyalı həmkarı Vladimir Putin arasında bu həftə görüşün keçirilməsi planlaşdırılır. Trampın son açıqlamasına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin də bu görüşdə iştirak edəcəyi gözlənilir.
Siyasi şərhçi qeyd edib ki, görünən odur, Ukraynanın mövqeyində müəyyən dəyişiklik baş verib.
“Bununla belə, əldə olunan razılaşmanın detalları hələ açıqlanmayıb. Görünür, Birləşmiş Ştatlar və Ukrayna bəzi vacib məsələlərdə, o cümlədən Ukraynanın torpaq resursları ilə bağlı kompromis əldə ediblər. Növbəti mərhələdə atəşkəslə bağlı Rusiyanın da razılığı tələb olunur. Tramp qeyd edib ki, bu məsələdə Putinlə danışacaq və nəhayət, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, hadisələr sürətlə cərəyan edir və bütün barışmaz münasibətlərə baxmayaraq, iki ölkə lideri arasında görüş baş tuta bilər. Lakin bu, ilk növbədə Rusiyanın mövqeyindən asılıdır. Son günlər Rusiyada aparılan ictimai müzakirələrə nəzər salsaq, görərik ki, Rusiya tərəfi bir aylıq atəşkəsə o qədər də meylli görünmür. Qeyd etdiyimiz kimi, hazırda Rusiya və Birləşmiş Ştatlar arasında danışıqlar davam edir. Bu danışıqların hansı nəticə verəcəyi isə yaxın zamanlarda məlum olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az