Bakının Nizami və Nəsimi rayonlarında bayram şənliyi keçirilib

14 Mart 2025 09:16 (UTC+04:00)

Bakıda Novruz bayramı münasibətlə şənliklər və konsert proqramları təşkil edilir.

Bayram paytaxtın Nizami və Nəsimi rayonlarında yerləşən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd olunub.

Bayram şənliyində müğənnilər müxtəlif mahnılar səsləndirib, kəndirbazlar öz məharətlərini göstərib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.