“Son aylar Makedoniya Respublikası ilə energetika sahəsində başlamış əməkdaşlıq çox müsbət haldır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılır. Bu il müntəzəm olaraq Azərbaycan Makedoniya bazarını təbii qazla təmin edəcək. Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərdən məlum olur ki, gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artırmağa da imkanlar tapacağıq”.
Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Aydın məsələdir ki, Azərbaycanın qaz təchizatı Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Biz yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Ötən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edib. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir", - o bildirib.
Deputat qeyd edib ki, təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.
"Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir. Bu baxımdan ümid edirik ki, Makedoniya Respublikası ilə də bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.