XII Qlobal Bakı Forumunun ikinci günü başlayıb

14 Mart 2025 10:03 (UTC+04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunmuş XII Qlobal Bakı Forumunun ikinci günü başlayıb.

Tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradıb.

Amerikanın Xarici Siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Syuzan Eliotun moderatorluğu ilə keçirilən “Sülhə gedən yol” adlı panel iclasında əvvəlcə Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxış edəcək.

İclasda həmçinin İsrailin sabiq Baş naziri Ehud Olmert, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, İsrailin sabiq xarici işlər naziri, Baş nazirin müavini Tzipi Livni, Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko, Monteneqronun sabiq Prezidenti Milo Dukanovic, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Baş nazirin müavini Bülənt Arınç, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci Sessiyasının sədri, Slovakiya Respublikasının sabiq xarici işlər naziri, Aİ-nin Belqrad-Priştina Dialoqu və digər Qərbi Balkan regional problemləri üzrə keçmiş xüsusi nümayəndəsi Miroslav Lajcak, ABŞ-ın Birləşmiş Krallıqdakı sabiq səfiri, WPP Plc-nin sabiq sədri Filip Laderin çıxışları dinləniləcək.

Forum martın 15-dək davam edəcək.