Türkiyənin artan gücü fonunda Ukraynanın dost axtarışı...

14 Mart 2025 21:41 (UTC+04:00)

“Rusiya-Ukrayna müharibəsi başlayar-başlamaz, beynəlxalq hüquqa ən uyğun mövqeni məhz qardaş ölkə Türkiyə ortaya qoymağı bacardı. Türkiyə müharibəyə tərəf kimi yox, hər iki ölkənin qonşusu kimi yanaşdı. Çünki həm Rusiya, həm də Ukrayna Türkiyənin yaxın qonşularıdır və Qara dəniz vasitəsilə bir-biriləri ilə əlaqəlidirlər. Buna görə də Türkiyənin balanslı mövqeyi hər iki tərəfdən simpatiya və rəğbətlə qarşılandı. Bununla yanaşı, müharibənin ən kritik və şiddətli dövrlərində belə, Türkiyə taxıl sazişinin və taxıl dəhlizinin açılmasına, Ukraynaya humanitar yardımların çatdırılmasına və Rusiya-Ukrayna arasında sülhün əldə olunması üçün İstanbulda görüşlərin təşkil edilməsinə vasitəçilik etdi. Bu, son üç ildə müharibənin reallıqları fonunda mühüm və müsbət bir addım idi. Buna görə də Ukrayna Türkiyənin bu rolunu yüksək qiymətləndirməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Ukrayna məsələsi ilə bağlı olduqca mürəkkəb bir situasiya yaranmağa başlayıb. Belə ki, ABŞ-ın Ukraynaya dəstəyini azaltması, Ağ Evdə gərgin keçən görüş, daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa ölkələrinə üz tutması, ardınca isə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan üzr istəməsi ilə bağlı yayılan xəbərlər fonunda indi də atəşkəsin imzalanmasına razılıq verildiyi bildirilir. Burada diqqətçəkən məqamlardan biri Türkiyə amilidir. Zelenski bəyan edib ki, Rusiya ilə danışıqlarda təkcə Avropa İttifaqı deyil, Türkiyə də iştirak etməlidir.

Deputat bildirib ki, Ukrayna hazırda kritik bir mərhələdədir.

“Onu müharibəyə sövq edən və dəstəkləyən güclər tədricən geri çəkilir, meydanda isə tək qalır. Bu vəziyyət Ukrayna üçün yenidən Türkiyənin etibarlı və güclü himayəsinə sığınmağı zəruri edir. Prezident Zelenski anlayır ki, hər nə qədər Avropa İttifaqı böyük bir coğrafiyaya və güclü iqtisadiyyata malik olsa da, hərbi-siyasi baxımdan eyni gücə sahib deyil. Avropa İttifaqına üzv ölkələrin birgə qoşunları, hətta NATO üzvü olan ölkələrin silahlı qüvvələri belə, say baxımından Türkiyə ordusuna bərabər deyil. Üstəlik, Avropa ölkələrinin əsgərləri uzun illərdir praktik döyüş təcrübəsi qazanmayan hərbçilərdir. Türkiyə isə 1985-ci ildən bu günə qədər faktiki olaraq müharibə şəraitində olan bir ölkədir və türk əsgərinin gücü, döyüş bacarığı hər kəs tərəfindən qəbul edilir. Buna görə də Türkiyənin bu prosesə cəlb olunması, obyektiv və ədalətli mövqeyi, eyni zamanda gücünü sülh və ədalətin təmin edilməsi üçün səfərbər etmək imkanları Ukrayna üçün cəlbedici görünür. Elə buna görə də İsrail də Türkiyənin bu prosesdə iştirak etməsini arzulayır. Düşünürəm ki, Türkiyə bunu haqq edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az