MŞ İdarə Heyətinin üzvü: Ermənistan sülh istəmir və təxribatlarına davam edir

18 Mart 2025 10:20 (UTC+04:00)

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu.

Bunu Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli ATƏT-in “Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb:

“Prezident Əliyev həm Azərbaycan, həm türk, həm rus, həm də ingilis dilindəki müsahibələri ilə müharibə ilə bağlı həqiqətləri söylədi, Azərbaycana qarşı dezinformasiya və yalan xəbərlərin qarşısını aldı”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü qeyd edib ki, bu gün də Azərbaycana qarşı bəzi xarici KİV-lərdə kampaniya aparılır:

“Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bu gün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla ilə Ermənistanın sülh danışıqları getdiyi bir anda Ermənistan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutub. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir və təxribatlarına davam edir”.