Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlər keçirilir.
Nazirlikdən bildirilib ki, tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə səhra şəraitində (çöl şəraitində) növbəti məşğələlər keçirilib.
Təlim mərkəzində baş tutmuş məşğələ zamanı əvvəlcə iştirakçılar bölmələrin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə praktiki vərdişlərini sınayıblar.
Sonra isə ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Növbəti mərhələdə hərbi vəzifəlilər müxtəlif atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar icra ediblər.
"Azərbaycan Ordusunun arsenalında yeni qəbul olunmuş müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinin döyüş tətbiqi üsullarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir", - məlumatda qeyd edilib.