Türkiyədəki İstanbul Universiteti aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomlarının "səhv və qanunsuz prosedurlar" səbəbi ilə ləğv edildiyini açıqlayıb. Bu qərarın universitet tərəfindən açıqlanması geniş ictimai müzakirələrə səbəb olub.
Əkrəm İmamoğlu sosial media hesabından bu qərarla bağlı sərt reaksiya verib. O, açıqlamasında belə deyib:
"İstanbul Universiteti İdarə Heyətinin bu qərarı qanunsuzdur. Universitetin belə bir qərar vermək səlahiyyəti yoxdur. Bu hüquq yalnız aidiyyəti fakültənin idarə heyətinə məxsusdur. Bu qərarı verənlər tarix və ədalət qarşısında cavab verəcəklər. Ədalətə və hüquqa inanan xalqımızın mübarizəsini heç kim dayandıra bilməz."
İmamoğlu canlı yayımla iftar süfrəsindən verdiyi açıqlamada, bu qərarın qanun çərçivəsində araşdırılacağını vurğulayıb:
"Biz, əlbəttə ki, bu qanunsuz qərarı məhkəməyə daşıyacağıq və hüquqi mübarizəmizi davam etdirəcəyik. Amma məsələ təkcə mənim diplomum deyil, bu ölkədə insanların hüquqlarının müdafiəsidir. Bütün bu proseslər demokratiyamız üçün ciddi təhlükədir."
AzNews.az