BP şirkəti Trans-Anadolu Qaz Boru Kəmərində (TANAP) 12 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın 25 %-lik qeyri-nəzarət paketini qlobal aktiv fondu olan “Apollo”ya satır.
Bu barədə AzNews.az BP-nin bəyanatına istinadən xəbər verir. Sövdələşmə 1 milyard ABŞ dollara qiymətləndirilir.
“BP və “Apollo” bu gün “Apollo” tərəfindən idarə olunan fondların BP-nin TANAP-da 12 % paya sahib olan törəmə şirkətinin – Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə davam edən boru kəmərinin sahibi və operatoru “BP Pipelines Ltd”nin 25 % qeyri-nəzarət payını əldə etməsi barədə razılığa gəldiklərini açıqlayıblar. Bu əməliyyatdan əldə edilən gəlir BP-nin 20 milyard ABŞ dollarlıq aktivlərin xaric edilməsi proqramının maliyyələşdirilməsinə və digər gəlirlərə yönəldiləcək”, - məlumatda deyilir.
BP qeyd edir ki, sövdələşmə Britaniya şirkətinə TANAP-dakı payını monetizasiya etməyə imkan versə də, tamamlandıqdan sonra "BP Pipelines (TANAP) Ltd"nin nəzarət edən səhmdarı olaraq qalacaq. Sövdələşmənin tənzimləyici orqanların və TANAP səhmdarlarının təsdiqi şərti ilə 2025-ci ilin ikinci rübündə bağlanması gözlənilir.
"BP və "Apollo" infrastruktur, qaz və aşağı karbonlu enerji aktivləri də daxil olmaqla, gələcək əməkdaşlıq imkanlarını araşdırmağa davam edirlər", - məlumatda deyilir.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəməriində (TAP) 20 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın TAP-dakı qeyri-nəzarət payını "Apollo"ya 1 milyard ABŞ dollara satmağa razılaşıb.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
“TAP A.G.” boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: BP (20 %), SOCAR (20 %), "Snam" (20 %), "Fluxys" (20 %) və "Enagás" (20 %) .
1 805 km uzunluğunda olan TANAP, "Şahdəniz-2" yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəql edilməsi üçün nəzərdə tutulub. Hazırda qaz kəmərinin ötürmə qabiliyyəti 16,2 milyard kubmetrdir.
TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdəhan bölgəsindən başlayaraq, 20 şəhər, 69 rayon və 604 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində - Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinə birləşir.
TANAP boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: SGC (58 %), BP (20 %) v "BOTAS" (30 %).