S&P Azərbaycanın fintex bazarını qiymətləndirməyə başlayıb

21 Mart 2025 16:59 (UTC+04:00)

“S&P Global” beynəlxalq reytinq agentliyi Azərbaycanda fintex şirkətləri üçün baza səviyyəsini “b” səviyyəsində müəyyən edib.

Bu barədə AzNews.az agentliyə istinadən xəbər verir.

Baza səviyyə Bankçılıq və Ölkə Risklərinin Qiymətləndirilməsinə (BICRA) əsaslanan bankların və fintex şirkətlərinin reytinqlərinin təhlili üçün başlanğıc nöqtəsidir. Bu sıralama sistemi ölkənin maliyyə sisteminin iqtisadi və sektor risklərini 1-dən (ən aşağı risk) 10-a (ən yüksək risk) qədər miqyasda əks etdirir.

S&P qeyd edir ki, Azərbaycanda həm iqtisadi, həm də sahəvi risklərdə sabit tendensiya müşahidə olunur.

Agentliyin məlumatına görə, Azərbaycanda fintex şirkətləri üçün baza səviyyəsi “bb-” səviyyəsi təyin olunan banklardan iki pillə aşağıdır. Agentlik bunu bir sıra amillərlə izah edir.

"Fintex şirkətləri bazar konyukturasına həssas maliyyələşdirmədən asılıdırlar və onların Mərkəzi Bankın resurslarına çıxışları yoxdur. Üstəlik, onlar daha az tənzimlənən və institusional mühitdə fəaliyyət göstərirlər, daha böyük rəqabətlə üzləşirlər və bir qayda olaraq, iqtisadi tsikllərdə daha az sabit gəlirlərə malik olurlar”, - hesabatda deyilir.

Müqayisə üçün qeyd edilir ki, Qazaxıstanda fintex şirkətləri üçün baza səviyyəsi “b+”dir ki, bu da banklardan (“bb”) iki pillə aşağıdır. Azərbaycandakı vəziyyətə bənzər olaraq, Qazaxıstan Mərkəzi Bankının maliyyələşdirilməsinə çıxışın olmaması və tənzimləyici nəzarətin daha zəif olması sektorda riskləri artırır.

S&P dünyada 2025-ci ildə bank olmayan maliyyə təşkilatlarının (BOMT) reytinqlərinin nisbətən sabit qalacağını proqnozlaşdırır. Bununla belə, iqtisadi qeyri-müəyyənlik və dəyişkənliyin potensial təzahürləri bəzi emitentlərin gəlirliliyinə təzyiq göstərə bilər.

Agentliyin təxminlərinə görə, ən həssas şirkətlər qısamüddətli maliyyələşdirmədən yüksək dərəcədə asılı olan, növbəti 12 ay ərzində əhəmiyyətli borc ödəmə yükü olan, vəsait cəlb etmək üçün təminatsız borc bazarına etibar etməyə davam edən şirkətlərdir və hər hansı dəyişiklik təzahürləri onların kapital bazalarına tez bir zamanda birbaşa mənfi təsir edə bilər.

Çətin vəziyyətə baxmayaraq, fintex şirkətlərinin 89 %-i, S&P qiymətləndirilməsinə görə, sabit proqnoza malikdir, sektorun orta reytinqi isə “BBB-”dır.

S&P həmçinin xəbərdarlıq edir ki, ABŞ-nin ticarət siyasəti fintex şirkətlərinin maliyyəyə çıxışını çətinləşdirə bilər. İdxal olunan mallara yeni tariflər ÜDM artımının yavaşlamasına, işsizliyin və inflyasiyanın artmasına səbəb ola bilər ki, bu da xüsusilə kiçik iqtisadiyyatlara nəzərəçarpacaq təsir göstərəcək.

“Yüksək tariflər həmçinin inflyasiyanın təkrar artımına səbəb ola bilər ki, bu da əsas dərəcələrin azaldılmasını ləngidə və ya hətta dayandıra bilər. Bundan əlavə, bu, borclanma xərclərinin artmasına və fintex şirkətlərinin aktivlərinin keyfiyyətinin pisləşməsinə səbəb olacaq”, - hesabatda deyilir.

S&P analitiklərinin fikrincə, maliyyələşdirmə şərtlərinin və likvidliyin kəskin pisləşməsi fintex şirkətləri üçün əsas təhlükə olaraq qalır. Faiz dərəcələrinin pik səviyyələrdən enməsi bir sıra şirkətlərə kapital mənbələrini şaxələndirməyə kömək etsə də, iqtisadi qeyri-müəyyənlik maliyyələşdirmə variantlarını məhdudlaşdırmağa davam edir.

S&P xəbərdarlıq edir ki, etibarlı ehtiyat likvid mənbələri olmayan şirkətlər əməliyyatları təcili olaraq azaltmaq (“təbii gediş” və ya "run-off") zərurəti ilə üzləşə bilər və bu, onların dayanıqlılığını təhlükə altına salacaq. Bu, xüsusən də ödəmə müddəti yaxınlaşan böyük uzunmüddətli öhdəlikləri olan fintex şirkətlərinə aiddir.

“Fintex şirkətlərinin idarəetmə komandalarının öncədən yenidən maliyyələşdirmə ilə məşğul olacağını gözləyirik, çünki gecikmələr onların maliyyələşdirmə strukturunu optimallaşdırmaq üçün fürsət pəncərəsini daralda bilər”, - S&P qeyd edir.

Agentlik hesab edir ki, 2025-ci ildə fintex şirkətləri iqtisadi qeyri-sabitlik, inflyasiya və yüksək dərəcələr səbəbindən çətinliklərlə üzləşəcək. Ən daynıqlı şirkətlər xalis faiz marjasını (NIM) sabitləşdirə, aktivlərin keyfiyyətini qoruya və əməliyyat xərclərinə nəzarət edə bilən şirkətlər olacaq.

S&P daha sərt kredit standartları sayəsində sektorda aktivlərin keyfiyyətinin tədricən yaxşılaşacağını proqnozlaşdırır. Bununla belə, kommersiya daşınmaz əmlakı (CRE) və kiçik və orta sahibkarlığın (KOS) kreditləşdirilməsi seqmentlərində risklər qalır. CRE-də potensial problemlər aktivlərin qeyri-likvidliyi ilə, KOS-larda isə gecikmiş ödənişlər və yenidən strukturlaşdırılmış ödənişlərlə bağlıdır.

Bununla belə, baza ssenaridə agentlik bu il bu bazarlarda ciddi eniş gözləmir.

Agentliyin məlumatına görə, bəzi fintex şirkətləri əməliyyat xərclərini azaltmaqla və ya diqqətini rəqəmsal platformaların inkişafına yönəltməklə artıq yeni şərtlərə uyğunlaşa biliblər. S&P hesab edir ki, onların dayanıqlılığı davam edən iqtisadi qeyri-müəyyənlik şəraitində yenidən sınaqdan keçiriləcək.