Vətəndaşın evini başına uçuran "Melissa"nın sahibi Qalib Məmmədov istintaqa cəlb olunacaqmı?

27 Mart 2025 18:36 (UTC+04:00)

“Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. “Melissa Park” şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb”.

AzNews.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

O, fikirlərinə belə davam edib:

“2024-cü il dekabrın 24-də üzərində oğlumun - yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu, formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək”.

Bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb. Tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

Görüntüləri Əzizə Kərimli öz sosial şəbəkə səhifəsində yayıb. O bildirib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.

Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Mənzil Məcəlləsinin 5.1 bəndinə görə isə, hər kəsin mənzil toxunulmazlığı hüququ var: "Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz".

Məsələni “Yeni Sabah”a şərh edən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, sözügedən hadisə ilk dəfə deyil ki, baş verir:

“Oxşar hadisələr dəfələrlə yaşanıb. Sakinlər söküntünü qanunsuz saydıqları üçün yaxud da təklif olunan məbləğ ev sahiblərini qane etmədiyindən evi tərk etməkdən boyun qaçırırlar. Bəzən isə sökülən yaşayış yerinin əvəzinə müvəqqəti belə olsa, ayrı bir ev təklif edilmir. Dövlət ehtiyacı üçün söküntü işləri aparılan zaman kompensasiyanın məbləğini Nazirlər Kabineti təyin edir. Əgər dövlət ehtiyacları üçün deyilsə, qanun deyir ki, şirkət ev sahibi ilə mütləq qaydada razılaşmalı, müqavilə bağlanmalıdır. Əgər ev yiyəsinin tələb etdiyi pulu şirkət ödəmirsə, onun evi sökmək hüququ yoxdur”.

Vəkil onu da qeyd edib ki, şirkət ev sakinləri ilə razılaşma əldə edə bilmədiyi təqdirdə məhkəməyə müraciət edə bilər:

“Ancaq məhkəmənin ixtiyarı yoxdur ki, mülkiyyət sahibinin razılığı olmadan onun haqqında desin ki, bu qədər kompensasiya verilir və evdən çıxmaq lazımdır. Qanun hər iki tərəfin razılığını tələb edir. Burada məcbur edilmə, hədə-qorxu etmək cinayət tərkibi yaradır. Evin içərisində əmlak, insan olduğu halda söküntü işi aparmaq cinayət sayılır. Bu, hüquqi şəxslər tərəfindən törədilən şəxsi əmlakın məhvi ilə bağlı cinayətdir, insan hüquqlarının pozulması deməkdir.

Bəs, vətəndaşın evini uçurtmaqda adı hallanan "Melissa" şirkəti kimindir?

Şirkətin saytında bildirilir ki, Melissa Group 2000-ci ildən fəaliyyətə başlamışdır: "Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir. Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir. Hal-hazırda "Melissa Park", "Melissa Residence" və "Mayak Residence"-ni layihələrinin icrası davam etməkdədir".

KİV-də yayılan məlumata görə, Melissa Group” şirkətinin sahibi Qalib Məmmədov, Baş direktoru isə Xəzər Məmmədovdur.

Qalib Məmmədov əslən Masallı rayonundandır və Ərkivan kənd orta məktəbini bitirib.

O, “Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Eyni zamanda “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur. Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, Elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir.

Kütləvi İnformasiya Vasitələrində həm Qalib Məmmədov, həm də "Melissa" inşaat şirkəti haqqında çox sayda neqativ məlumatlar yer alıb. Şirkət bu məlumatların əksəriyyətini təkzib etməyib. AzNews.az-ın həmsöhbər olduğu hüquqşünaslar bildirir ki, daha öncə KİV-də yayılmış məlumatlar əsasında, əslində, hüquq-mühafizə orqanları cinayət işi aça bilərdilər:

"Əvvəla, vətəndaşların hüquqlarını pozması barədə KİV-də dəfələrlə səslənən iddialara əsasən "Melissa Group" və onun rəhbəri barədə təhqiqat başlanmalı, şikayətlər araşdırılmalı idi. Digər tərəfdən, hər hansı sürücü və iş icraçısının vətəndaşın evini başına özbaşına, şirkətin daha üst səviyyəsində qərar verən şəxslərinin məlumatı olmadan uçurması inandırıcı deyil. İctimai mənafenin qorunması və ictimai vicdanın rahatlaması üçün sözügedən şirkətin rəhbərliyi də istintaqa cəlb olunmalı, məsələyə hansı şəkildə müdaxilə etdiyi, yaxud niyə müdaxilə etmədiyi, yəni hərəkət və ya hərəkətsizliyi sorğulanmalıdır. Bu işdə şirkət nümayəndələrini "arxayınlaşdıran" məmurlar varmı? Varsa, onlar hansı maraqlarla, nəyin müqabilində şirkəti xüsusi mülkiyyətin toxunulmazlığına qəsd etməsinə şərait yaradıblar? İstintaq yəqin ki bu suallara da cavab axtaracaq".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də açıqlama yayıb. Açıqlamaya görə, Yasamal rayonu, Alatava ərazisindəki söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub.

Qeyd olunub ki, həmin ərazidə aparılan söküntü işləri ilə əlaqədar bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib:

“Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.

AzNews.az