“Türkiyənin Suriyada Əsəd əleyhdarı müxalifətə dəstək verməsi və Əsəd rejiminin devrilməsindəki müstəsna rolu həm Suriyada, həm də Yaxın Şərqdə maraqlı olan dövlətlər üçün zəlzələ effekti yaratdı. Türkiyənin gücü məlum idi, lakin Bəşər Əsəd rejiminin 10-15 gün ərzində devrilə biləcəyi ehtimalı bəlkə də bu dövlətlər tərəfindən bu qədər ciddi nəzərə alınmamışdı. Bu baxımdan Türkiyənin nüfuzu və gücü bölgə dövlətləri və burada maraqları olan digər qüvvələr tərəfindən daha çox diqqətə alınmağa başladı. Təbii ki, Türkiyə tərəfindən dəstəklənən müxalifətin Suriyada qalib gəlməsi Ankaranın mövqeyini gücləndirən əsas amillərdən biridir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, Suriyanın yeni hökuməti Palmiradakı hərbi bazanı Türkiyəyə təhvil verib. Bazanın ABŞ-ın Almaniyadakı Ramstayn bazası qədər böyük olacağı bildirilir. Ankara, BMT başda olmaqla, bütün böyük dövlətləri xəbərdar edib və ona qarşı istənilən təcavüz aktının güclə qarşılanacağını bəyan edib. Hadisələrin bu inkişafı İsraili ən çox narahat edib. Müxtəlif İsrail nəşrləri Türkiyənin Suriyadakı mövcudluğunun İsrail üçün təhlükə yaratdığını və Ankaranın hər an öz qüvvələrini şimaldan Palmiraya köçürə biləcəyini qeyd edirlər. Bu prosesi dayandırmaq üçün İsrail və ABŞ arasında danışıqların aparılmasının zəruriliyi vurğulanır.
Siyasi şərhçi qeyd edib ki, Türkiyənin həm Suriyada, həm də Yaxın Şərqdə hərbi bazalardakı geniş iştirakı onun gücünü və təsir imkanlarını daha da artırır.
“Xüsusilə Palmira şəhərindəki hərbi bazanın Türkiyənin nəzarətinə keçməsi rəsmi Ankaranı bölgədə potensial güc mərkəzinə çevirə bilər. Bu vəziyyət İsraildə və bölgədə Türkiyənin artan təsirindən narahat olan dairələrdə təbii olaraq narahatlıq yaradıb. Lakin bu narahatlıq proseslərin qarşısını ala bilməz. İsrail Türkiyənin Suriyadakı təsirini azaltmağa çalışsa da, bunun uğur qazanması ehtimalı azdır. Çünki Türkiyə bu məsələdə olduqca qətiyyətlidir və strateji addımlar ataraq mövqeyini gücləndirməkdə davam edir. Türkiyənin Suriyadakı hərbi iştirakının genişlənməsi bölgədə qüvvələr nisbətini Ankaranın xeyrinə dəyişə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az