“Əlbəttə ki, hazırkı mərhələdə Rusiya–Ukrayna müharibəsində həlledici sülh imkanlarının əhəmiyyətli dərəcədə tükəndiyini müşahidə edirik. Doğrudan da, müharibənin yaxın zamanlarda sona çatması real görünmür. Baxmayaraq ki, Trampın hakimiyyətinin ilk dövründə Rusiya–Ukrayna münaqişəsində danışıqlar mühitinin bərpası ilə bağlı müəyyən ümidlər və işartılar müşahidə olunurdu, son dövrlərdə baş verən hadisələr bu istiqamətdə ciddi irəliləyişlərin olmadığını deməyə əsas verir. Digər tərəfdən, Rusiyanın son Suma hücumundan sonra aydın oldu ki, Rusiya Ukrayna ilə ilkin, məhdud çərçivəli bir sazişin imzalanmasına belə yalnız öz şərtləri daxilində razı ola bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın 30 günlük atəşkəs təşəbbüsü Ukrayna–Rusiya münaqişəsində yeni ümidlər yaratmışdı. Lakin Rusiyanın Sumı şəhərinə son hücumu bu təşəbbüsün nəticə vermədiyini və gərginliyin daha da artdığını göstərir. Bəzi ekspertlərin fikrincə, bu vəziyyət bir neçə vacib nəticəni ortaya çıxarır: birincisi, müharibənin yaxın vaxtlarda başa çatması real görünmür; ikincisi, Vladimir Putin Trampın təşəbbüslərinə ciddi yanaşmır; üçüncüsü isə hazırkı mərhələdə sülh Rusiya üçün əlverişli deyil.
Siyasi şərhçi qeyd edib ki, Ukraynanın bu təkliflərlə razılaşmaması vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır.
“Eyni zamanda, Rusiyada belə bir gözlənti də mövcuddur ki, Trampın vasitəsilə Amerika Birləşmiş Ştatları Ukraynaya təsir göstərə bilər və bunun nəticəsində sülh müqaviləsinin imzalanması mümkün olar. Hər halda, hazırkı vəziyyət Rusiya ilə Ukrayna arasında real sülh perspektivlərinin yaxın gələcəkdə reallaşmasının qeyri-mümkün olduğunu deməyə əsas verir. Münaqişənin köklərinin dərinləşdiyi və qarşıdurmalar, atışmalar, eləcə də qarşılıqlı anlaşılmazlıqlar fonunda vəziyyətin sabitləşməsi üçün real imkanların tükəndiyi müşahidə olunur. Rusiya isə öz növbəsində, bütün mövcud vasitələrdən istifadə edərək Ukraynaya təsir göstərməyə davam edəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az