Dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa söykənən Azərbaycan - Gürcüstan münasibətləri bu gün özünün ən yüksək zirvəsinə çatıb. Tarixin sınaqlarından keçən bu münasibətlər həm də sıx regional əməkdaşlığın parlaq nümunəsidir. Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsi də dostluğun və tərəfdaşlığın növbəti təzahürü olmaqla, Cənubi Qafqazın bu iki dövləti arasındakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan və gürcü xalqları arasındakı əlaqələrin tarixi qədim və zəngindir. Hələ 1918-ci ildə hər iki xalq müstəqil dövlətlərini yaratmış və onlar arasında siyasi-diplomatik münasibətlər qurulmuşdu. Eləcə də sovet illərində Azərbaycanla Gürcüstan arasında dərin iqtisadi və mədəni əlaqələr mövcud olmuş, hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır.
Müstəqillik illərində isə əlaqələr tarixi təməllərə, o cümlədən iki xalq arasındakı dostluğa əsaslanaraq tamamilə yenidən formalaşmışdır. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərindən sonra münasibətlər yeni inkişaf dövrünə qədəm qoymuşdur. Həmin səfər zamanı Azərbaycanla Gürcüstan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. 1997-ci ildə isə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılmışdır. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıqlar isə əlaqələri daha da möhkəmləndirmişdir.
Heydər Əliyevin və Eduard Şevardnadzenin yeni mərhələyə yüksəltdikləri Azərbaycan-Gürcüstan münasibətləri sonrakı dövrdə bütün istiqamətlər üzrə dinamik şəkildə davam etdirilərək dövlətlərarası əlaqələrdə nümunə göstəriləcək səviyyəyə çatmış və həm də strateji məzmun almışdır. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən enerji və nəqliyyat layihələri həm də Azərbaycan-Gürcüstan əlaqələrini tamamilə yeni mərhələyə yüksəltmişdir. Bu mənada Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmi yolu xətti kimi polad infrastrukturlar Azərbaycanla Gürcüstanı eyni siyasi və iqtisadi maraqlar ətrafında birləşdirir. Prezident İlham Əliyevin ötən gün mətbuata bəyanatında qeyd etdiyi kimi Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz və nəqliyyat layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı çox doğru və haqlı olaraq qeyd etdi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Eyni zamanda Azərbaycanın və Gürcüstanın həyata keçirdiyi nəqliyyat layihələri, yaradılan infrastrukturlar cənab Prezidentin bildirdiyi kimi böyük sinerji yaratmış və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.
Azərbaycanla Gürcüstanı ortaq maraqlar ətrafında birləşdirən digər amil sülh və təhlükəsizliklə bağlıdır. Belə ki, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar edilməsi daim iki dövlətin maraq dairəsində olan məsələ kimi özünü göstərir. Həm Gürcüstan, həm də Azərbaycan bölgədə dayanıqlı təhlükəsizliyin təmin olunmasına çalışır, bu istiqamətdə bütün imkanlarını səfərbər edirlər. Əvvəldə qeyd etdiyim enerji və nəqliyyat layihələrinin həyata vəsiqə alması da bir növ Azərbaycan və Gürcüstanın regionda təhlükəsizliyi daha da möhkəmləndirmək niyyətlərindən irəli gəlir.
Elə bu istiqamətdə maraqların üst-üstə düşməsinin nəticəsidir ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi günlərində Gürcüstan dövləti Azərbaycanın milli maraqlarına toxuna biləcək addım atmadı. Mixeil Kavelaşvilinin Bakıda Gürcüstanın həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olduğunu bəyan etməsi isə iki dövlət arasındakı strateji tərəfdaşlığın növbəti təcəssümü oldu və bir daha təsdiq etdi ki, rəsmi Tbilisi Azərbaycanın yaratdığı reallıqları dəstəkləyir.
Cənubi Qafqazın bu iki dövlətini ortaq maraqlar ətrafında birləşdirən məsələlərdən biri də Qərbin regionumuzla bağlı məkrli planlarıdır. Gürcüstan Prezidenti mətbuata bəyanatında bu məqama vurğu edərək bildirdi ki, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox. Eyni zamanda Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşdiyini deyən Mixeil Kavelaşvilinin buna görə Prezident İlham Əliyevə təşəkkür etməsi isə bir daha göstərdi ki, dövlətimizin başçısı öz qətiyyətli siyasəti ilə hər iki dövlətin ümumi maraqlarını təmin edir.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi, keçirilən görüşlərdə münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparıldı. Xüsusən dövlət başçılarının mətbuata bəyanatla çıxışlarında mühüm məsələlərə toxunuldu. Bütün bunlar göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyur və əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Mübariz Qurbanlı
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı