Qəbul imtahanının II mərhələsi üçün qeydiyyat elan edilib

17 Aprel 2025 12:24 (UTC+04:00)

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral - 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Müsabiqədə iştirak ödənişlidir.

Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.

I ixtisas qrupu üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.