Ötən həftə Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş kifayət qədər məhsuldar olub.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayonla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, Azərbaycan həmişə sülh yolu ilə nizamlanmanın tərəfdarı olub və olmaqdadır, məhz Bakı sülh sazişi üzrə danışıqların təşəbbüskarı olub.
"Hesab edirəm ki, erməni həmkarımla görüş kifayət qədər məhsuldar keçib. Bəli, bəlkə də bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmədik. Lakin qeyd etmək lazımdır ki, biz Antalya forumunun yaratdığı imkanlardan istifadə edərək əsas məqamları müzakirə etdik, fikir mübadiləsi apardıq. Biz bir daha təsdiq etdik ki, sülhün və dinc yanaşı yaşamanın tərəfdarıyıq", - C.Bayramov bildirib.
Onun sözlərinə görə, Mirzoyanla görüş əhəmiyyətli idi, çünki bu, tərəflər arasında sülh sazişinin mətni üzrə razılıq əldə edildikdən sonra ilk görüş olub.
Qeyd edək ki, Azərbaycan XİN martın 13-də Ermənistanla sülh sazişinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığını bildirib.