Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.
O, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib.
Arkadi Qukasyan azərbaycanlılara qarşı cinayət törətmiş dəstələrin rəhbərlərindən – Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.
Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında isə bu hadisəni xatırladığını deyib.
A.Qukasyan hadisələr baş verən vaxtlarda - ötən əsrin 90-cı illərdə Ermənistandan Azərbaycan ərazilərinə (Xankəndiyə və digər yerlərə) gələnlərin olduğunu təsdiqləyib, lakin silahların haradan gətirilməsi barədə məlumatsız olduğunu iddia edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.