Rusiya XİN: Fransa Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır

17 Aprel 2025 18:45 (UTC+04:00)

Avropalılar, ən əsası da Fransa öz geosiyasi məqsədləri naminə Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır.

Aznews.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Moskva Ermənistanla Azərbaycanarasında məhz Yelisey Sarayının vasitəçilik adı ilə regionda vəziyyəti gərginləşdirməyə yönələn addımlar atdığının şahidi olub.

“Yeri gəlmişkən, Parisin təmsilçiləri regionda topladığı informasiyanı Ermənistandakı həmkarları ilə qətiyyən bölüşmür. Çünki məqsəd bəllidir. Bu məlumatlar bilavasitə Brüsselə göndərilir. Niyə? Ona görə ki, Brüsselin postsovet məkanındakı məqsədlərini heç kim gizlətmir.

Bu, davamlı xaos, pozuculuq və zərərli fəaliyyətdir. Bundan əlavə Avropa İttifaqı və Fransanın fikirlərinin mərkəzində missiyanın fəaliyyət spektrinin genişləndirilməsi dayanır”, - XİN rəsmisi vurğulayıb.