Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

17 Aprel 2025 21:57 (UTC+04:00)

Beynəlxalq münasibətlər sistemində Azərbaycan etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Daim dost və tərəfdaş olan ölkələrlə əlaqələrini qoruyan Azərbaycan modelinin arxasında gərgin əmək, incəliklə düşünülmüş diplomatik siyasət dayanır. Həyata keçirilən səmərəli xarici siyasət kursu dövlətimizin qüdrətini günbəgün artıran əhəmiyyətli faktordur. Balanslaşdırılmış xarici siyasət strategiyası ilə çoxşaxəli əlaqələr fonunda dünyada Azərbaycanın bir cox dövlətlərə dostluq əlaqlələri möhkəmlənməkdədir. Mehriban qonşuluğun və sülhün tərəfdarı olan Azərbaycan qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlərə xüsusi əhəmiyyət verir. Bu əhəmiyyətinin nəticəsidir ki, Azərbaycanın Gürcüstanla əlaqələri iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf edir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Bugünədək ölkələrimiz arasında 119 sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda çoxsaylı layihələr həyata keçirilmişdir. Gürcüstanda 500 minədək soydaşımız yaşayır .Həmçinin bu ölkədə azərbaycan dilində “Gürcüstan”, “Müəllim”, “Maarif”, “Təhsil”, “Aydın Yol” kimi qəzetlər nəşr olunur. Tbilisidə H.Əliyev adına Azərbaycan Dram Teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və N.Nərimanovun ev muzeyi fəaliyyət göstərir.

Regionda ən yaxın müttəfiqlərindən biri olan Azərbaycanın Gürcüstan, bir-birinə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər qurumlar çərçivəsində mühüm əməkdaşlıq edir. Əlaqələrin genişlənməsi 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur.

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədə keçirilmiş prezident seçkilərindən sonra Gürcüstan Prezidentinin etdiyi ilk rəsmi səfər olduğunu xüsusi qeyd etdi. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər olduğunu, həmin münasibətlərin tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslandığını, müasir dövrdə isə həyata keçirilən qlobal layihələrin iki ölkənin siyasi çəkisini dünya miqyasında daha da artırmaqda olduğunu vurğuladı.

Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. 44 günlük şanlı Vətən müharibəsində suveren hüquqlarımızın bərpası istiqamətindəki münaqişədə Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən biri idi. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da əlaqələrimizin yüksələn xəttlə inkişaf edəcəyini deməyə əsas verir.

Samirə Hüseynova,

AzNews.az