Qax rayonunda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Qərbi Azərbaycan İcması (QAİ) və Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir bədii və rəsmi hissədən ibarət olub.
Konfransın bədii hissəsində aşıq musiqisi səsləndirilib, yallı ifa olunub, Qərbi Azərbaycanın zəngin mətbəxi nümayiş etdirilib, bölgənin mədəni irsini əks etdirən nümunələr sərgilənib.
Tədbirin rəsmi hissəsində Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirin mahiyyəti barədə məlumat verib, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanlıların öz evlərindən mərhələlərlə deportasiya edildiklərini, bu ağrılı proses zamanı yaşadıqları müsibətləri dilə gətirib. Sədr İcmanın geri qayıdış istiqamətində apardığı işlərdən ətraflı danışıb.
Milli Məclisin deputatı Əli Məsimli Qərbi azərbaycanlıların öz el-obalarına geri qayıdış əzmi və istəyindən bəhs edib, onların Vətən həsrətlərindən danışıb.
QAİ İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova konfransın Qaxda keçirilməsinin önəmini və elmi-praktiki xarakter daşımasını xüsusi vurğulayıb. M.Hüseynova tarixi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiyalar, maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmaların aparılmasının indi və gələcək nəsillər üçün əhəmiyyətindən bəhs edib.
Daha sonra QAİ İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarıldıqlarını, onların böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədiklərini vurğulayıb.
QAİ İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov beynəlxalq hüquqda əks edilən geri qayıdış hüququndan bəhs edib. O, Qərbi Azərbaycana qayıdışın zərurət olduğunu vurğulayıb, həmin bölgədən zorla çıxarılmış insanların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının aspektlərindən danışıb.
Konfransda çıxış edən QAİ Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov gənclərin Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılmasında önəmli rol oynadıqlarını, nəsildən-nəslə ötürülməsində vacib halqa olduqlarını vurğulayıb.
QAİ Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deportasiyalar zamanı qadınlar və uşaqların yaşadığı ağrı-acılara toxunub, beynəlxalq hüquqa əsaslanaraq bu həssas qrupun geri qayıdış prosesi zamanı xüsusi diqqət görməli olduğunu bildirib.
QAİ Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı doğma torpaqlarda yaşadığı xatirələrdən bəhs edib. O, Qərbi Azərbaycanla bağlı mövcud olan ikili standartlardan, Qərbi azərbaycanlıların geri qayıdış hüququnun bəzi dairələr tərəfindən görməzdən gəlindiyinə diqqət çəkib.
İcmanın Qadınlar Şurası sədrinin müavini Telli Əliyeva Qərbi Azərbaycanlı qadınların yurd həsrətini dilə gətirib, deportasiyalar nəticəsində zərər görən ədəbi irsə toxunub.
Yekunda QAİ-nin Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev Qərbi Azərbaycan reallıqlarının regionlarda daha geniş təbliğ edilməsi istiqamətində görülən işlərdən danışıb.
AzNews.az