Azərbaycan Özbəkistanın axtarışa elan etdiyi şəxsi ekstradisiya edib

21 Aprel 2025 14:12 (UTC+04:00)

Azərbaycan Özbəkistanın vəsatəti əsasında bu ölkənin vətəndaşını ekstradisiya edib.

AzNews.az-a Baş Prokurorluqdan verilən məlumata əsasən, cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Rzayev Akif İmran oğlunun həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.