Bu il Hesablama Palatası funksional sahələr üzrə fəaliyyətini davam etdirmək, bu çərçivədə bir sıra tədbirlər görmək niyyətindədir.
Bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, növbəti il üçün əsas hədəflər işğaldan azad olunmuş ərazilərdə icra olunan tikinti layihələrinin pre və post auditinin, həmçinin tematik auditlərin genişləndirilməsi və nəqliyyat sahəsində auditlərin keçirilməsi, ekoloji auditlərin davam etdirilməsi, Türkiyə və Qazaxıstanın ali audit orqanları ilə paralel auditlərin aparılması, Palatanın strateji planının və digər strateji sənədlərinin ortamüddətli dövr üçün qəbul edilməsi, fəaliyyətin həmkar qiymətləndirməsi çərçivəsində dəyərləndirilməsi, Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin üzvü kimi bu qurumun illik toplantısına, həmçinin Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) və Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) birgə iclasına ev sahibliyi edilməsi, məsafədən audit və böyük verilənlərin təhlili üzrə proqram təminatının hazırlanmasıdır.
Palata sədri vurğulayıb ki, bu tədbirlər dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edəcək.