Lənkəran məktəbliləri imtahanda iştirak etməyib? - AÇIQLAMA

22 Aprel 2025 17:36 (UTC+04:00)

Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 9-cu sinif şagirdlərinin buraxılış imtahanına buraxılmaması barədə xəbərlər yayılıb.

Şagirdlərin yaxınlarının bildirdiyinə görə, buna səbəb məktəb direktorunun məsuliyyətsizliyi olub. Qeyd olunub ki, imtahanda iştirak üçün tələb olunan arayışlar təhsil müəssisəsi tərəfindən şagirdlərə təqdim edilməyib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, aprelin 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında məktəbin 21 şagirdi iştirak edib.

Bildirilib ki, həmin məktəbin 5 şagirdi isə imtahanda iştirak üçün tələb olunan arayışların imtahanın başlama saatından bir qədər gec imtahan rəhbərinə təqdim etdiklərinə görə, şagirdlər prosesdə iştirak edə bilməyiblər:

"Məktəblilərin may ayının 11-də keçirilməsi nəzərdə tutulan imtahanda iştirakı üçün DİM-in Lənkəran Regional Bölməsinə müraciət olunub".

Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, tələb olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmır:

"Yuxarıdakı məsələ ilə bağlı DİM-ə rəsmi müraciət olunduqdan sonra araşdırma aparılıb müvafiq qərar qəbul oluna bilər".

AzNews.az