Paşinyanın yeni referenduma hazırlığı: Ermənistan cəmiyyətində ideoloji dönüş başlanğıcı -AÇIQLAMA

22 Aprel 2025 20:00 (UTC+04:00)

“Paşinyanın son açıqlaması təsadüfi deyil. O, bir tərəfdən Ermənistan cəmiyyətini mümkün yeni referendum mərhələsinə hazırlayır, digər tərəfdən isə açıq şəkildə gerçəkləri etiraf edir. Bu, diqqətlə qurulmuş iki istiqamətli bir yanaşmadır. Əvvəla qeyd etmək lazımdır ki, Ermənistanda yeni bir referendumun keçirilməsi üçün ictimai rəyin hazırlanması vacibdir. Uzun illər boyu erməni cəmiyyəti “Böyük Ermənistan”, “dənizdən-dənizə Ermənistan” kimi reallıqdan uzaq, xəstə təbliğatla yüklənmiş, faşist ideologiyasına məruz qalmışdır. Nəticədə bu cəmiyyət illərlə qeyri-real ideyalarla formalaşıb və bu gün də onun böyük bir hissəsi qonşu ölkələrin torpaqlarını işğal etməyi haqq kimi görür”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə keçirilmiş əvvəlki konstitusiya referendumları xalqın gerçək iradəsini əks etdirməyib. Onun sözlərinə görə, Ermənistanda asayişlə cəmiyyət arasında ciddi uçurum mövcuddur ki, bu da bir sıra sahələrdə, xüsusilə ədliyyə sistemində problemlərin yaranmasına səbəb olub. “Ədliyyə sektorunda yaranan problemlər məhz bu səbəbdəndir. Bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini əks etdirmədiyi və ya tam əks etdirmədiyinə əmin olması ilə əlaqəlidir,” – deyə Paşinyan vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, Paşinyan artıq bölgədə və dünyada reallıqların dəyişdiyini anlayır.

“O da dərk edir ki, bu cür xəstə ideyalar erməni xalqının gələcəyini təhlükəyə atır. Bu virusdan qurtulmaq üçün, cəmiyyətin təmizlənməsi, beyninin yuyulması zəruridir. Bu mənada Paşinyan hazırda ilk mərhələni – yəni cəmiyyətin psixoloji və mənəvi hazırlığını həyata keçirir. Digər bir vacib məqam isə onun keçmişdə – xüsusilə Köçəryan və Sarkisyan dövründə – keçirilmiş referendumların və seçkilərin nəticələrinin saxta olduğunu vurğulamasıdır. Paşinyan yaxşı bilir ki, həmin dövrlərdə Ermənistana beşinci kolon – yəni Rusiya yönümlü hakimiyyətlər nəzarət edirdi və bu hakimiyyətlər daim seçkiləri saxtalaşdırıblar. Bu səbəbdən, o, həmin referendumların xalqın gerçək iradəsini əks etdirmədiyini əsaslandırır”.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın bu çıxışındakı məqsəd təkcə keçmişlə hesablaşmaq deyil, həm də gələcəkdə keçirilə biləcək referendum üçün legitimlik bazası formalaşdırmaqdır:

“O, cəmiyyətə mesaj verir ki, yeni referendum fərqli olacaq – şəffaf, demokratik və xalqın iradəsini əks etdirən bir proses kimi təşkil ediləcək. Bütün bunlar, Paşinyanın həm daxili sabitliyi təmin etməyə, həm də Azərbaycanla münasibətləri normallaşdırmağa yönəlmiş addımlar atmaq istədiyini göstərir. Güney Qafqazda sülh və sabitlik üçün bu, atıla biləcək yeganə düzgün addımdır və Paşinyan da bunu reallaşdırmağa çalışır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az