"ABŞ-nin Yəmən əməliyyatları: İsrailin təhlükəsizliyi, beynəlxalq ticarət və İranla geosiyasi oyun"

22 Aprel 2025 20:03 (UTC+04:00)

“ABŞ-nin sabiq prezidenti Donald Trampın administrasiyası bu ilin mart ayından etibarən Yəməndə hərbi hücumlar həyata keçirməyə başlayıb. Bu hücumların əsas hədəfi Yəmənin infrastrukturunun strateji əhəmiyyətli obyektlərinin raket zərbələri ilə zərərsizləşdirilməsi olub. Müxtəlif mənbələrin məlumatına görə, həmin hücumlar nəticəsində bu günə qədər Yəməndə azı 123 nəfər həyatını itirib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Qeyd edək ki, ABŞ ordusu Yəməndə husilərin mövqelərinə hava zərbələri endirib. Hücumlar husilərin sursat anbarları və liman infrastrukturunu hədəfə alıb. Səna vilayəti və digər ərazilərə endirilən aviazərbələr nəticəsində onlarla insan həlak olub, 11 nəfər isə yaralanıb. Əl-Hudeyda vilayətindəki Ras İsa limanı da hücuma məruz qalıb. Burada 17 fəhlə və işçi, 5 təcili yardım əməkdaşı həyatını itirib, limanda güclü yanğın baş verib. Əl-Hudeydanın qubernatoru Abdullah Oteyfi ABŞ-ın hücumlarını “cinayətkar təcavüz” adlandıraraq bildirib ki, bu addımlar Yəmən xalqını Qəzzadakı fələstinlilərə dəstək verməkdən çəkindirməyəcək.

Siyasi şərhçi bildirib ki, hücumların əsas hədəfi İranın proksi qüvvələrindən biri sayılan husilər – digər adı ilə Ənsarullah qruplaşmasıdır.

“ABŞ-nin bu hərbi kampaniyada bir neçə vacib strateji məqsədi var. Birinci məqsəd, İsrailin təhlükəsizliyinin təmin edilməsidir. Xatırladaq ki, ötən ilin oktyabrında İsrail Qəzzaya qarşı hərbi əməliyyatlara başladıqdan sonra Yəməndəki husilər İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirmiş, bu yolla özlərini HƏMAS-ın və Qəzzanın müdafiəçiləri kimi təqdim etmişdilər. İranın bu qrupu dəstəklədiyi və Tehranın strateji məqsədlərindən birinin İsrailin zəiflədilməsi olduğu nəzərə alınarsa, bu hücumların arxasında İran faktorunun dayandığını söyləmək mümkündür. Donald Tramp administrasiyası isə İsrailin təhlükəsizliyini ABŞ-nin Yaxın Şərq siyasətində prioritetlərdən biri kimi qəbul edib və bu kontekstdə atılan addımlar məhz bu çərçivədə dəyərləndirilə bilər. İkinci məqsəd geosiyasi və iqtisadi maraqlarla bağlıdır. Husilərin hücumlarının əsas hədəflərindən biri Qırmızı dəniz və Babul-Məndəb boğazından keçən beynəlxalq ticarət gəmiləri olub. Bu bölgədən dünya ticarətinin təxminən 12 faizi həyata keçirilir. Yaranan təhlükəsizlik problemi nəticəsində bir çox yük gəmiləri marşrutlarını dəyişərək Afrikanın cənubundan keçmək məcburiyyətində qalır. Bu isə məsafəni xeyli uzadır, logistik xərcləri artırır və nəticə etibarilə qlobal ticarətə, o cümlədən ABŞ iqtisadiyyatına mənfi təsir göstərir”.

Siyasi şərhçinin fikrincə, məhz bu səbəbdən həmin regionda sabitliyin və təhlükəsizliyin təmin olunması ABŞ üçün təkcə iqtisadi deyil, eyni zamanda strateji maraqlar baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir:

“Üçüncü və sonuncu məqsəd isə İranla bağlıdır. ABŞ və İsrailin Yaxın Şərqdə uzunmüddətli hədəflərindən biri İranın regional təsir gücünün azaldılması və bu ölkənin nüvə ambisiyalarının qarşısının alınmasıdır. Hazırda ABŞ və İran arasında nüvə danışıqları davam etsə də, tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. ABŞ bu danışıqlarda İranın mövqeyini zəiflətmək və təzyiqi artırmaq məqsədilə onun regiondakı proksi qüvvələrini – o cümlədən husiləri – neytrallaşdırmağa çalışır. Son günlərdə ABŞ-nin Yəməndəki əməliyyatlarını daha da intensivləşdirməsi də məhz bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, ABŞ-nin Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlar həm İsrailin təhlükəsizliyinin təmininə, həm beynəlxalq ticarət yollarının müdafiəsinə, həm də İranla aparılan danışıqlarda üstün mövqe əldə etməyə yönəlib”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az