Ermənistana məlumatlar ötürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

23 Aprel 2025 20:09 (UTC+04:00)

Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə ittiham olunan Emin Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aznews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Emin Qasımzadə Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürüb.

İttihamda qeyd olunub ki, o, feysbuk sosial şəbəkəsi hesabında dövlət əleyhinə açıq çağırışlar edib, Azərbaycan ərazisində milli nifrət və düşmənçilik yaratmağa yönələn hərəkətlər törədib.

E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu həmin şəxslərin tələblərini yerinə yetirməkdə, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin fotolarını və digər məlumatları göndərməkdə ittiham olunub.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Emin Qasımzadə Cinayət Məcəlləsinin 274 (dövlətə Xəyanət), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirləndirilib.