Azərbaycanın “Nürnberq prosesi”: Seperatçıların məhkəməsi və tarixi ədalətin bərpası

23 Aprel 2025 19:45 (UTC+04:00)

“Bu məhkəmə prosesini və oradakı açıqlamaları çox mühüm bir məsələ hesab edirəm. Mən özüm də bu prosesdə iştirak etmişəm. Bir neçə gün əvvəl yenidən məhkəmə iclasında iştirak etdim və prosesi böyük diqqətlə izləyirəm. İstər canlı şəkildə iştirak edərkən, istərsə də mediada səslənən məlumatları izlədikcə, bu məsələnin nə qədər önəmli olduğunu bir daha anlayıram. Hesab edirəm ki, bu məhkəmə prosesi Azərbaycanın “Nürnberq prosesi” adlandırıla bilər. O qədər əhəmiyyətli bir məsələdir ki, burada səsləndirilən ifadələr əsasında Ermənistanın indiki rəhbərliyi, keçmiş rəhbərləri və bir sıra siyasi-hərbi şəxslər barəsində Azərbaycan tərəfindən hüquqi tədbirlər görülə bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, seperatçıların məhkəməsi zamanı təqsirləndirilən şəxslər Xocalı soyqırımının əsas təşkilatçıları barədə mühüm ifadələr veriblər. Keçmiş qondarma rejimin “prezidenti” Arkadi Qukasyan bildirib ki, faciə zamanı separatçılara Artur Mkrtçyan, hərbçilərə isə “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan rəhbərlik edib. O, həmçinin qeyd edib ki, həmin dövrdə “özünümüdafiə qüvvələri”nin başında Serj Sərkisyan olub. Qeyd edək ki, Sərkisyan 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə Xocalıda törədilən cinayətləri etiraf etmişdi.

Siyasi şərhçi bildirib ki, bəziləri barəsində artıq cinayət işi açılıb, digərləri ilə bağlı da cinayət işinin açılması mümkündür və onların Azərbaycana gətirilməsi reallaşa bilər.

“Biz, əslində, bu gün məhkəmə qarşısında cavab verən şəxslərin belə bir prosesə cəlb olunacağına inanmırdıq. Heç ağlımızdan da keçmirdi ki, onlar bir gün Azərbaycan məhkəməsi qarşısında dayanacaq, mühakimə olunacaqlar. Bu məsələnin bu həddə çatdırılması, gerçəkləşməsi bizim üçün də bir növ möcüzə oldu. İllərlə tələb etdik, umduq, gözlədik, amma baş verəcəyinə tam əmin deyildik. İndi isə görürük ki, bu proseslər gerçəkləşir və Azərbaycan bu məsələdə öz sözünü deyir. Təbii ki, gələcəkdə Serj Sarkisyan və digər şəxslərin də Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsi və ölkəyə gətirilməsi mümkündür. Bu isə bir daha ilahi ədalətin bərpası anlamına gələcək. Həmin şəxslərin törətdikləri əməllərə görə artıq ədalət öz yerini tapır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az