Ramid Namazov: Azərbaycana qarşı hibrid hücumlar Aİ və Fransadan qaynaqlanır

24 Aprel 2025 16:13 (UTC+04:00)

"Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycan hər zaman qarşılıqlı hörmət əsasında formalaşan, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə uyğun, bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olub. Bu yanaşma həm Aİ ilə imzalanan sənədlərdə, həm diplomatik danışıqlarda, həm də parlamentlərarası münasibətlərdə gözlənilib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov bildirib.

O deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra, Aİ institutları bəzi Qərb dairələrinin hibrid təhdid alətinə çevrilərək, ölkəmizə qarşı istifadə olunmağa başlandı:

"Azərbaycana qarşı hibrid hücumlar əsasən iki mənbədən: Aİ və Fransa kimi ölkələrdən qaynaqlanır. Xüsusi araşdırmada müəyyən etdiyimiz kimi, demək olar ki, bütün anti-Azərbaycan addımların arxasında ermənipərəst mövqeyi ilə seçilən Cozep Borel və birbaşa onun tapşırıqlarını həyata keçirən şəxslər dururdu. Digər tərəfdən isə Fransanın ermənipərəst siyasətçilərin fəaliyyətlərini qeyd etmək olar. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın qənaətinə görə, Azərbaycana qarşı hibrid hücumlarda istifadə olunan alətlərdən biri Avropa Parlamenti və digər Aİ ölkələrinin parlamentlərində aparılan anti-Azərbaycan debatlar, dinləmələr, hazırlanan qətnamə layihələri və ya qəbul edilən qətnamələrdirsə, digər vasitə Avropa İttifaqının Ermənistandakı Missiyası vasitəsilə edilən həmlələrdir".

Deputatın sözlərinə görə, Avropa Parlamentinin qətnamələrində EUMA-ya tam dəstəyin verilməsi və Natali Luazo kimi üzvlərinin Missiyanı sahədə “ziyarət” etməsi isə bu fəaliyyətlərin əlaqələndirilmiş formada aparıldığının bariz nümunəsidir:

"Aİ, xüsusən də Fransa regionda strateji hədəflərini həyata keçirmək və gündən-günə artan geosiyasi maraqlarını təmin etmək üçün gələcək illərdə EUMA-nı rəsmi şəkildə hərbi missiyaya çevirmək, burada hərbi mövcudluqlarını bərqərar etmək məqsədini qarşılarına qoyublar. Yeri gəlmişkən, Aİ-nin özünün, eləcə də NATO-nun hibrid təhdidlərlə bağlı verdiyi anlayışda bu cür fəaliyyətlər hibrid təhdid olaraq qəbul edilir".

AzNews.az