Ramid Namazov EUMA-nın regiondakı fəaliyyətləri barədə sorğunun nəticələrini açıqladı

24 Aprel 2025 16:20 (UTC+04:00)

“EUMA-nın regiondakı fəaliyyətləri, onun sülhə və etimad quruculuğuna mümkün töhfəsi” adlı sorğu keçirilib.

Trend xəbər verir ki, bu fikirlər bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov tərəfindən "Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adı ilə hibrid hücum" adlı Xüsusi Araşdırmanın təqdimatında səsləndirlib.

"Sosial Tədqiqatlar Mərkəzi tərəfindən əsasən "LinkedIn" platforması, habelə "Facebook" və "X" sosial media platformaları vasitəsilə Avropa İttifaqının Ermənistandakı Missiyasında (EUMA) hazırda fəaliyyət göstərən və əvvəllər Aİ Missiyasında xidmət keçən şəxslərə 36 açıq sual ünvanlanıb. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, respondentlərin 80%-i sualları cavablandırmamış, bəzi hallarda onlar dözümsüzlük nümayiş etdirmiş və ya EUMA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etməyi tövsiyə etmişlər. Eyni zamanda, verilən cavablar əsasında Missiyanın özü və fəaliyyəti haqqında tam olmasa da, bir sıra maraqlı məqamlar üzə çıxmışdır. Verilən cavablardan müəyyən olunmuşdur ki, EUMA mülki missiya olsa da, tərkibində keçmiş hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları və hərbi analitiklər çoxluq təşkil edir", - o bildirib.

Onun sözlərinə görə, missiyada işə başlamaq üçün ilk növbədə bir sıra sahələrdə müəyyən peşəkar təcrübəyə və Şəxsi Təhlükəsizlik İcazəsinə malik olmaq, xarici dilləri, o cümlədən rus və erməni dillərini bilmək üstünlük kimi qəbul edilir.

"EUMA-nın kəşfiyyatla məşğul olmadığı, lakin müəyyən kəşfiyyat elementlərinin mövcudluğu inkar edilməyib. Bir sıra əməkdaşların buraya ailələri ilə gəldiyi və yaradılan iş şəraitin yüksək səviyyədə təşkil olunduğu qeyd edilir. Eyni zamanda, Ermənistandakı yaşayış şəraitinin, infrastruktur və səhiyyə sisteminin o qədər də ürəkaçan olmadığı bildirilir. Yerli əhalinin EUMA personalına münasibətinin normal olduğu, amma bəzən müəyyən narazılıqlarla da qarşılaşdıqları hallar olmuşdur. EUMA personalının öz arasında anlaşılmazlığa və ya münaqişələrə az rast gəlinsə də, rəhbərliyin çevik müdaxiləsi nəticəsində məsələnin qismən də olsa həll olunduğu qeyd edilir. Elə hal da baş verib ki, şəxs Missiyanı vaxtından əvvəl tərk etmək məcburiyyətində olub. Bunun hansı səbəbdən olduğu qeyd edilməyib", - R.Namazov bildirib.

O qeyd edib ki, Avropanın aparıcı dövlətləri Missiyada əsas söz sahibidir və əməkdaşları çoxluq təşkil edir.

"Missiyanın Azərbaycana qarşı olduğu və Ermənistanı yeni müharibəyə hazırlaması ilə bağlı suala birmənalı olaraq neqativ cavab verilsə də, İrana və ya Rusiyaya qarşı olması ilə bağlı sualın üzərindən keçilmişdir. Missiyanın gələcək fəaliyyəti ilə bağlı isə, onun vacibliyi bildirilib və sayının bir neçə dəfə artırılmağının zəruri olduğu qeyd edilib. Vəziyyətdən asılı olaraq və ehtiyac olduğu təqdirdə, onun gələcəkdə mülki-hərbi missiya kimi də davam etməsinin nəzərdən keçirilə biləcəyi cavablar içində olub. Missiyanın Ermənistan-Azərbaycanın münasibətlərinin normallaşmasına verdiyi töhfəyə gəlincə isə onun yalnız Ermənistan tərəfində fəaliyyət göstərməsinin tam uğurla fəaliyyətinə maneə olaraq dəyərləndirilmişdir. Respondentlər Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə barədə məlumatlı olub-olmadıqları ilə bağlı suala müsbət cavab vermişlər. Azərbaycan tərəfinin Missiyaya münasibəti barədə mətbuatdan eşitdiklərini, əvvəllər Azərbaycana heç zaman səfər etmədiklərini, lakin gələcəkdə belə bir fürsət olacağı təqdirdə səfər etmək niyyətində olduqlarının bildirmişlər. Azərbaycan tərəfindən onlara qarşı sanksiyaların tətbiq ediləcəyi təqdirdə reaksiyalarının necə olacağı ilə bağlı suala cavab verilməmişdir. Həmçinin EUMA-nın fəaliyyətinin Azərbaycanda cinayət tərkibi yaratdığı və on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması ilə bağlı məsələdən xəbərdar olmadıqları bildirilmişdir", - R.Namazov bildirib.

AzNews.az