Azərbaycanda vergiyə cəlb olunmuş ticarət obyektlərinin sayı 12 mindən çoxdur.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın sədri Samir Abdullayev Bakıda “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.
"Odur ki, ticarət şəbəkələrinin inkişafı ölkədə vergi sisteminin təkmilləşdirilməsi və şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ticarət şəbəkələri vergi şəffaflığının təmin olunmasında lokomotiv rolunu oynayır. Bu şəbəkələrin fəaliyyətindəki şəffaflıq ümumi iqtisadiyyatın dayanıqlılığının və səmərəliliyinin mühüm göstəricilərindən biri hesab olunur", - deyə o qeyd edib.
S.Abdullayevin sözlərinə görə, eyni zamanda, ticarət şəbəkələri istehsalçıların məhsullarını istehlakçılara təhlükəsiz və səmərəli şəkildə çatdırmalarında mühüm vasitəçi funksiyasını yerinə yetirir: "Onlar yalnız məhsul çeşidinin zənginliyi ilə deyil, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasında göstərdikləri fəaliyyətlə seçilirlər. Ticarət şəbəkələri mütəmadi olaraq yeni satış texnologiyaları tətbiq etməklə həm müştəri məmnuniyyətini artırır, həm də rəqabət mühitinin inkişafına töhfə verirlər".