Braziliyanın keçmiş prezidenti saxlanılıb

25 Aprel 2025 21:02 (UTC+04:00)

Braziliyanın keçmiş prezidenti Fernando Kollor de Mello ölkənin şimal-şərqindəki Maseio şəhərində saxlanılıb.

Kollor de Mello 2023-cü ildə “korrupsiya və çirkli pulların yuyulması” ittihamı ilə 8 il 10 ay həbs cəzasına məhkum edilib. Ali Məhkəmə sabiq prezidentin məhkumluğu ilə bağlı şikayətini təmin etməyib və onun həbs cəzasının başlanmasına qərar verib.

“O, təslim olmaq üçün paytaxta gedirdi”

Keçmiş prezidentin vəkili Marselo Bessa müvəkkilinin yerli vaxtla saat 04:00 radələrində Braziliyanın paytaxtı Braziliyaya gedərkən saxlanıldığını açıqlayıb. Vəkilinin dediyinə görə, Kollor de Mello Ali Məhkəmənin hakimi Aleksandr de Moraesin verdiyi həbs qərarından sonra təslim olmaq üçün paytaxta getməyi planlaşdırırdı.

Bessa verdiyi açıqlamada Kollor de Mellonun Alaqoas əyalətinin paytaxtı Maceioda federal polis tərəfindən saxlanıldığını bildirib.

Qeyd edək ki, Kollor 1985-ci ildə sonuncu hərbi diktaturanın sona çatmasından sonra Braziliyada xalq səsverməsi ilə seçilən ilk prezident olub.

Mövsüm

Aznews.az