Mütəllim Rəhimli partiyadan xaric edildi: "Ədalət"in sədri kim olacaq?

28 Aprel 2025 17:07 (UTC+04:00)

Ədalət Partiyasının Ali Məclisinin növbəti açıq iclası keçirilib. İclasda yetərsayın olduğunu bildirən partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri Meydan Babayev açdıqdan sonra, dövlət himni səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və partiyanın mərhum sədri İlyas İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.



AzNews.az xəbər verir ki, iclasın reqlamenti təsdiq edildikdən sonra, səsvermə ilə gündəlik təsdiq edilmişdir. İclasda partiyanın bütün rəhbərliyi, partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri, Ali Məclis sədrinin müavinləri, Rəyasət Heyətinin üzvləri, partya sədrinin müavini, Siyasi Şuranın üzvləri və mərkəzi aparatın rəhbərliyi, Ali Məclisin üzvləri iştirak etmişlər. Gundəlikdə aşağıdakı məsələlər təsdiq edilmişdir.

1.Yeni yaradılmış rayon və şəhər təşkilatlarının statusunun təsdiqi
2.Ali Məclisin yeni üzvlərinin təsdiqi
3.Qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi
4.Qurultayın keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması
5.Partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflər


Son bir neçə ayda partiya rəhbərliyinin intensiv fəaliyyəti nəticəsində yaradılmış yeni rayon təşkilatlarının statusu və nümayəndələrinin Ali Məclis üzvlüyünə səlahiyyətləri təsdiq olunmuş, novbəti qurultayın 31 may 2025 - ci il tarixdə keçirilməsi, rayon təşkilatlarından 3-nəfər qurultaya nümayəndəlik normasının müəyyənləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra, 9-nəfərdən ibarət Təşkilat Komitəsinin tərkibi təsdiq edilmişdir.

İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyət , gələcək perspektivlər barəsində Ali Məclis sədrinin 1-ci müavini Elçin Qurbanov, partiya sədrinin müavini Vüsalə Dadaşova və digərləri çıxış etmişlər. Ali Məclisin sədri Meydan Babayev çıxışında son bir neçə ayda partiya daxilində nizamnaməyə zidd fəaliyyətlərin qarşısının alması istiqamətində görülən tədbirlər haqqında danışdı . Partyanın bütövlüyünü qorumaq məqsədilə pozuculuq fəaliyyəti ilə məşğul olan şəxs (şəxslər) barədə edilmiş şifahi və yazılı xəbərdarlıqlar ardından partiya sədrinin vəzifələrindən irəli gələn səlahiyyətlər çərçivəsində nizamnaməyə zidd şəkildə keçirilmiş iclasın qərarına veto qoyduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. O, bütün bunlara baxmayaraq partiyadaxili separatçı fəaliyyətin davam etdirildiyini və buna görə də Ali Məclis sədri tərəfindən müvafiq sərəncam qəbul edildiyini və Siyasi Şura tərəfindən 24.05.25-ci il tarixdə növbəti iclasda sərəncama uyğun olaraq müvafiq qərar qəbul olunduğunu da elan etdi. Meydan Babayev bildirdi ki, iclasda siyasi şuranın 9-üzvündən 6-sı iştirak etmişdir. İclasda Mütəllim Rəhimovun iştirakı ilə onun son aylarda partiya daxilində subardinasiyaya əməl etməməsi, partiya daxilində regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd "Ali Məclis" in iclasını çağırması, Ali Məclis sədrinin səlahiyyətlərini mənimsəməsi, Ali Məclisin üzvü olmaya-olmaya "Ali Məclis" in iclasını aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi Veto hüququna məhəl qoymaması, uzun müddət partyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin 4.7.4, 4.8.3, 4.8.4, 4.8.5, 4.8.6, 4.8.7 bəndlərini kobud şəkildə pozduğunu xatırladaraq partiya nizamnaməsinin 3.6-cı maddəsinin aşağıdakı məzmununa uyğun olaraq ; partiya üzvü nizamnamə tələblərini üzürsüz səbəblərə görə pozduqda və ya partiya üzvü adına xələl gətirən hərəkətlərə yol verdikdə nizamnamə pozuntusunun xüsusiyyətindən asılı olaraq özəyin və ya yuxarı partya orqanlarının qərarı ilə ona aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilə bilər.

Törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilmişdir. Lehinə - 5 Əleyhinə -1 Bitərəf - yoxdur Qərar Meydan Babayevin təklifi ilə Ali Məclisdə səsə qoyuldu. Qərar Ali Məclis üzvlülərinin əksəriyyəti tərəfindən dəstəkləndi. Bununlada qurultay öncəsi Ali Məclisin keçirilən son iclası öz işini yekunlaşdırıb.

Yayılan xəbərlə bağlı Sherg.az-a danışan Mütəllim Rəhimli sözügedən yığıncağın partiya ilə heç bir əlaqəsinin olmadığını deyib. Partiya rəsmisinin sözlərinə görə, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib:

“Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Onlar məni üzvülükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər. Bu, özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?! Soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.

Qeyd edək ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib. Qərarı MNTK sədri Çingiz Abbasov açıqlayıb. Vurğulanıb ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası 26 aprel 2025-ci il tarixdə bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsünü və “qərar” qəbul etməsini Nizamnaməyə zidd hesab edir. MNTK sədri aprelin 25-də bununla bağlı təşəbbüskarlardan biri Mehman Əliyevə xəbərdarlıq etmiş və belə tədbirlərin Ədalət Partiyası adından keçirilməsinin yolverilməz olduğunu bildirib. Bununla belə MNTK-nın xəbərdarlığına məhəl qoyulmayıb, Nizamnaməyə zidd hərəkətlər davam etdirilib. Yığıncağa Ədalət partiyasının üzvü olmayan şəxslər dəvət olunaraq, onlarla partiyadaxili məsələlər müzakirəyə çıxarılıb. MNTK bəyan edir ki, 19 aprel 2025-ci ildə Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilmiş, partiyanın növbəti IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və bununla da bütün səlahiyyətlər Təşkilat Komitəsinə keçib. Bundan sonra bu cür təşəbbüslər partiya daxilində pozuculuq fəaliyyəti yaratmağa və ictimaiyyəti aldatmağa xidmət edir. Ədalət Partiyasının MNTK-sı bildirir ki, partiya Nizamnaməsinin 4-cü maddəsində üzvlərin hüquq və vəzifələri göstərilib və hər kəs ona riayət etməyə borcludur”.