“Azərbaycan regionda həm vasitəçi ölkə, həm də ev sahibi dövlət kimi mühüm rol oynayır. Təhlükəsizlik və diplomatik manevrlərin uğurla həyata keçirilməsi baxımından Azərbaycanın mövqeyi hər zaman diqqət çəkib. Tarixə nəzər salsaq, Azərbaycanın əvvəllər də belə təşəbbüslərdə uğur qazandığını görürük. Xüsusilə Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında Azərbaycan mühüm vasitəçi rolunu oynayıb. Bundan əlavə, İran və Suriya kəşfiyyat rəhbərlərinin Bakıda görüşü də Azərbaycanın diplomatik bacarığının bariz nümunəsidir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin verdiyi açıqlama da mövcuddur. Həmin görüşdə Suriyadakı Rusiya hərbi kontingentinin taleyi və Bəşər Əsədin gələcəyi kimi həssas məsələlər müzakirə olunub”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, son geosiyasi proseslər fonunda Azərbaycana regional və beynəlxalq diqqətin artdığı müşahidə olunur. Türkiyə və İsrail rəsmilərinin, həmçinin Rusiya və Suriyanın kəşfiyyat nümayəndələrinin Bakıda görüşü bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də 100-dən çox nümayəndə heyəti ilə Bakıya səfəri diqqət çəkib. May ayında isə İsrail Baş naziri Benyamin Netanyahunun 10 il sonra Azərbaycana səfəri və vacib görüşlər keçirəcəyi açıqlanıb. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın may ayında Bakıya səfəri də bir sıra yeni iddiaları gündəmə gətirib.
Siyasi şərhçi bildirib ki, hazırda İran Prezidenti Məsud Pezeşkianın, İsrail Baş nazirinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərlərinin nəzərdə tutulması xüsusi diqqət çəkir.
“Bir-birinə qarşı münasibətləri soyuq olan bu ölkə liderlərinin Bakıda eyni vaxtda olması Azərbaycanın regiondakı artan nüfuzunun və diplomatik gücünün göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm İran-İsrail, həm də Türkiyə-İsrail münasibətlərində vasitəçi rolunu oynaya bilər. Azərbaycanın bu potensialı artıq sübuta yetirilib. Regionda təhlükəsizliyin təmin olunması, mühüm məsələlərin müzakirəsi və razılaşmaların əldə olunması baxımından Azərbaycan açar dövlət kimi çıxış edir və proseslərin mərkəzində yer alır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az