İtaliya və Azərbaycan parlamentlərarası əlaqələri iki ölkə arasında iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərir.
Bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşündə deyib.
Ə.Əhmədov İtaliya və Azərbaycan arasında iqtisadi, mədəni və siyasi sahələrdə yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
O, İtaliyaya Azərbaycan neft və qazının ixracını iki ölkə arasında etibarlı tərəfdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Sədr müavini, həmçinin Azərbaycan ərazilərinin 30 il müddətində işğalda olduğu dövrdə İtaliyanın ölkəmizə göstərdiyi dəstəyi xüsusi qeyd edib.
İtaliya Deputatlar Palatasının Ətraf mühit, ərazi və ictimai işlər komitəsinin üzvü Salvatore Kayata nümayəndə heyəti adından göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İtaliya və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Salvatore Kayata İtaliya və Azərbaycan arasında inşaat sektorunda gələcək əməkdaşlıq perspektivlərinə toxunaraq, bu sahədə birgə layihələrin hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyini bildirib.
Görüşün sonunda tərəflər Azərbaycan-İtaliya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni perspektivlər qazanacağına dair ümidlərini ifadə ediblər.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.