Beynəlxalq müfəttişlər qrupu Suriyaya gedib
1 Oktyabr 2013 17:42 (UTC+04:00)
Kimyəvi silahların məhvi üzrə beynəlxalq mütəxəssislər qrupu bu gün Suriyaya gedib.
APA-nın "Agence France-Presse"yə istinadən xəbərinə görə, 20 nəfərdən ibarət qrup kütləvi qırğın silahları ehtiyatının inventarizasiyasını keçirəcək və onları BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən məhv edəcək.
Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının nümayəndələri Suriyaya Livandan keçiblər. Beynəlxalq mütəxəssislər Dəməşqdə Suriya XİN-in nümayəndələri ilə görüşəcəklər. Həftə ərzində Suriyaya ikinci beynəlxalq qrup da səfər edəcək.
Plana əsasən, Suriya hökuməti kimyəvi silahları 2014-cü ilin ortalarına qədər məhv etməlidir. Suriyanın xarici işlər naziri Valid Muallem bildirib ki, 19 kimyəvi silah anbarından 7-si döyüş zonalarında yerləşir: "Beynəlxalq müfəttişlərin onlara baş çəkməsi üçün hər iki tərəf müvəqqəti atəşkəsə razılıq verməlidir".
AzNews.az