Rüstəm Behrudi Anara qarşı: “Ziyalı çalışmalıdır ki...”

3 Oktyabr 2013 10:45 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın son müsahibəsində səsləndirdiyi fikirlər həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Onun "mən deputat olanda da iqtidarı dəstəkləyirdim, indi də iqtidarı dəstəkləyirəm" fikri qalmaqala səbəb olub.

Məsələ ilə bağlı AzNews.az-a fikirlərini bölüşən sair Rüstəm Behrudi AYB sədrinin bu dedikləri ilə razılaşmadığını bildirib. Onun fikrincə, ziyalı iqtidarda deyil, iqtidar və müxalifət də ziyalının, yəni haqq sözünü deyənlərin yanında olmalıdır: "Böyük yazıçı, sənətkar, bir sözlə ziyalı adlanan hər kəs həmişə iqtidardadır. Yəni o mənada ki, ziyalı dediyi sözünün iqtidarındadır.

Bəlkə Anar müəllim də "iqtidardayam" sözünü bu mənada işlədib? Amma ikinci bir məsələ də var ki, ziyalı, sənət adamı nə müxalifətdə olmalıdır, nə də iqtidarda. Ziyalı sözün həqiqi mənasında haqqın, ədalətin yanında olmalıdır. İstər iqtidar, istərsə də müxalifət çalışmalıdır ki, həmin ziyalının, böyük sənət adamının yanında olsun. Mən bu fikirdəyəm. Kiminsə yanında, yaxud da tərəfində olmaq ziyalıya baş ucalığı gətirməz. Qoy onlar sənin yanında olsun. Sən həqiqətin yanında ol ki, bundan uzaq düşənlər sənə doğru can atsınlar, şərəflənsinlər. Mən nə iqtidardayam, nə də müxalifətdə. Mən haqqın yanındayam".

Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca isə Anarın fikirlərində qeyri-adı məna axtarmağın tərəfdarı deyil. Onun sözlərinə görə, statusundan, cəmiyyətdə mövqeyindən aslı olmayaraq, hər kəsin siyasi əqidəsi olmalıdır. Kimin iqtidarda və müxalifətdə olması onun yaradıcılığı ilə heç bir əlaqəsi yoxdur: "Xalqın bir qismi iqtidardadır, bir qismi müxalifətdə, bir qismi isə bitərəf. Bunların arasında ziyalılar da var. Ziyalı da həmin kütlənin bir hissəsidir".

Bahar Rüstəmli
AzNews.az