Müxalifətçi deputatın sualı qalmaqal yaratdı - Ermənistanda

3 Oktyabr 2013 15:13 (UTC+04:00)
Ermənistan parlamentinin sədri artıq bununla bağlı prosedura başlandığını bildirib

Ermənistan parlamentinin sədri Ovik Abramyan "İrs" Partiyasının deputatı Zarui Postancyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) davranışı ilə əlaqədar ölkənin AŞPA-dakı nümayəndə heyətinin tərkibinə dəyişiklik ediləcəyini açıqlayıb. APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, O. Abramyan bu barədə parlament fraksiyaları ilə məsləhətləşmə apardığını söyləyib.

Parlamentin rəhbəri qeyd edib ki, siyasi mövqenin azad şəkildə ifadəsi demokratiyanın təməl daşlarından biridir, lakin bu, özlüyündə mütləq bir hüquq deyil: "Ermənistan Konstitusiyasının 66-cı maddəsində deyilir ki, deputatın azad mövqe bildirmək hüququ təhqir və böhtanın yolverilməzliyi şərti ilə məhdudlaşdırılır. AŞPA reqlamentinin 21.6 maddəsi də insan ləyaqətini təhqir edən ifadələrdən istifadə olunmasını qadağan edir".

Xatırladaq ki, Ermənistan prezident Serj Sarkisyanın AŞPA-da çıxışından sonra müxalifətçi deputat Z. Postancyan ona Avropadakı kazinolardan birində 70 milyon avro uduzub-uduzmadığı haqda sual ünvanlayıb.

AzNews.az