İlyas İsmayılov debatlara niyə qatılmayıb? - Açıqlama
4 Oktyabr 2013 09:38 (UTC+04:00)
"Prezidentliyə namizəd kimi debatda iştirak etməməyimlə hansı qanunu pozmuşam? Hərənin öz yanaşması və taktikası var".
Bu açıqlamanı APA-ya Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov verib.
O, İctimai Televiziyanın efirində yayımlanan seçki debatlarında iştirak etməməsinin səbəblərini də açıqlayıb: "Biz qərara gəlmişik ki, debatlarda nümayəndələrimiz iştirak etsinlər. Burada qeyri-adi heç nə yoxdur. Debatda iştirak etməməklə heç bir qanunu pozmamışam".
İ. İsmayılov debata qatılmadığına görə ünvanına səslənən iradlara da münasibət bildirib: "Bu məsələdə mənə qarşı iradların səslənməsinin heç bir əsas yoxdur. Sadəcə, irad tutanlar məsələni düzgün başa düşmürlər. Nə irad ola bilər ki? Bizim tərəfdən debatda kimin iştirak edib-etməməsinin başqalarına heç bir dəxli yoxdur".
Qeyd edək ki, seçki təşviqatı dövründə İctimai Televiziyada prezidentliyə namizədlərin iştirakı ilə debat sona yaxınlaşır.
AzNews.az