“S-300“ zenit raket kompleksinə ictimai baxış keçirildi
4 Oktyabr 2013 15:13 (UTC+04:00)
Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində Milli Məclisin üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə "S-300" zenit raket kompleksinə ictimai baxış keçirilib.
Trend-in məlumatına görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev bildirib ki, Azərbaycan Ordusunun istifadəsində olan "S-300 PMU2 Favorit" hava hücumundan müdafiə (HHM) sistemi bu tip silahların ən son və yeniləşdirilmiş modelidir.
Onun sözlərinə görə, bu sistem müharibə və sonrakı dövrdə lazımi funksiyaları yerinə yetirməyə qadirdir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı təhlükənin olacağı təqdirdə, bu silah vasitəsilə düşmənə lazımınca cavab veriləcək.
Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan hazırda bölgənin ən güclü ordusuna malikdir: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordunun maddi-texniki bazasının təkmilləşdirilməsinə diqqət yetirir. Belə güclü orduya malik Azərbaycan öz ərazi bütövlüyünü ən yaxın zamanda bərpa edə biləcək".
Hərbi hissəni ziyarət edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkilləri Gövhər Baxşəliyeva və Bəxtiyar Sadıqov çıxış edərək bildiriblər ki, Azərbaycan Ordusu texniki imkanlarına görə postsovet ölkələrin bir çoxundan daha üstündür, güclü kadr potensialına malikdir və "S-300" zenit raket kompleksi Azərbaycan Ordusunun gücünə əlavə güc qatır.
Hərbi hissənin komandiri, polkovnik-leytenant Cəlil Seyfullayev bildirib ki, bu sistem 27 km hündürlüyə qədər, 200 km uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər: "Sistem mobil imkanlara malik olduğundan operativ yerdəyişmə həyata keçirir və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Qurğu 300 km radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə, silah qurğularının yerləşdiyi divizionla komanda məntəqəsi arasında 90 km məsafəyədək əlaqə yaradaraq hədəfləri vura bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır. Hədəflərin vurulma ehtimalı 100-də 99-dur".
Tədbir çərçivəsində qonaqlar hərbi hissənin qərargahı, yeməkxanası, əsgərlərin yataq şəraiti, tibb məntəqəsi ilə tanış olublar. Kompleksdə təlim şəklində raketlərin döyüş hazırlığı nümayiş olunub.
S-300 (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) - uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanıb. 1978-ci ildə sistemin sınağı başa çatıb.
"S-300" zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.
İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındaır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı ZRS kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir.
Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 km-dək məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir.
Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin silahlanmasında mövcuddur.
Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyunun 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub.
AzNews.az