Rusiya telekanalında Müslüm Maqomayev haqqında film

7 Oktyabr 2013 07:45 (UTC+04:00)



Ötən gün Rusiyanın Birinci Kanalı böyük müğənni, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş "Müslüm Maqomayev. Qar üzərində ürək" ("Муслим Магомаев. Сердце на снегу") sənədli filmini nümayiş etdirib.

SSRİ-nin və Azərbaycanın Xalq Artisti, Müslüm Maqomayevin xanımı Tamara Sinyavskayanın ömür-gün yoldaşı haqqında söhbət açdığı filmdə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın görkəmli müğənni barədə xatirələri səslənib. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Müslüm Maqomayevlə isti münasibətlərindən, milyonların sevimlisi olan müğənniyə atalıq qayğısından danışıb.

Filmdə Müslüm Maqomayevin Bakı ilə bağlı xatirələri səslənib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə çəkilmiş fotoşəkilləri, Tamara Sinyavskayanın Bakı səfəri, Müslüm Maqomayevin məzarını ziyarət zamanı lentə alınmış kadrlar, "Nizami" kinofilmindən fraqmentlər yer alıb. Həmçinin görkəmli sənətkarın ifasında Azərbaycanın rəmzi himninə çevrilmiş "Azərbaycan" mahnısı, M.Maqomayevin ömrünün sonlarına yaxın Sergey Yeseninin sözlərinə bəstələdiyi "Əlvida, Bakı" mahnısı səslənib.

Rusiya Prezidenti Vladimir Putinin "Müslüm Maqomayevlə kim daha çox fəxr edir – rus xalqı, yoxsa Azərbaycan xalqı?" sözlərinin filmdə əksini tapması əfsanəvi estrada kralının iki xalqın oğlu olduğunun daha bir sübutu kimi qəbul edilə bilər.

"Müslüm Maqomayev. Qar üzərində ürək" filminin ssenari müəllifi Oleq Kolin, rejissoru Mixail Roqovoydur.//AzərTAc//

AzNews.az