İlham Əliyev Rusiya Prezidentini təbrik etdi

7 Oktyabr 2013 16:14 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.


Təbrik məktubunda qeyd olunub: "Hörmətli Vladimir Vladimiroviç, ad gününüz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin rəhbərliyinizlə dost Rusiya dövlət və demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadi, sosial və humanitar sahələrin dinamik inkişafı ilə bağlı genişmiqyaslı proqramların və layihələrin həyata keçirilməsində sanballı uğurlar qazanmışdır. Dünya arenasında ölkənizin mövqeyinin möhkəmlənməsi, beynəlxalq və regional məsələlərdə onun rolunun artması Sizin adınızla bağlıdır".

Prezident təbrik məktubunda Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edib: "Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Bu gün ölkələrimiz arasında çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri, əməkdaşlıq və strateji tərəfdaşlıq hərtərəfli inkişaf edir və genişlənir. Sizin bu yaxınlarda Azərbaycana səfərinizi, mehribanlıq şəraitində görüşlərimizi və söhbətlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, qarşılıqlı anlaşma, mehriban qonşuluq və konstruktiv dialoq xalqlarımızın və ölkələrimizin firavanlığı, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə ölkələrimiz arasında sıx əməkdaşlığın daim ayrılmaz tərkib hissəsi olacaqdır.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq və uğurlar diləmək istəyirəm".

AzNews.az