Nazir Sovet Yəhudiləri üzrə Milli Komitənin üzvləri ilə görüşüb
7 Oktyabr 2013 16:36 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Sovet Yəhudiləri üzrə Milli Komitənin üzvlərini qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov qonaqlara ölkəmiz haqqında, o cümlədən müstəqillik əldə etdikdən sonra əldə edilən əsas uğurlar, beynəlxalq təşkilatlar və dövlətlərlə qurulmuş əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib.
Sovet Yəhudiləri üzrə Milli Komitənin prezidenti Smukler Aleksander və icraçı direktoru Levin Mark Azərbaycanın tolerant ölkə kimi dünyada tanındığını, yəhudi icması ilə səmərəli əməkdaşlıq qurulduğunu yüksək qiymətləndirdiklərini diqqətə çatdırıblar.
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan nazir təhlükəsizlik və enerji sahəsində əldə edilən uğurlar və regionda birgə həyata keçirilən layihələrdən söz açıb.
E.Məmmədyarov, həmçinin Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlər, Yaxın Şərq regionuna etdiyi son səfəri və keçirdiyi görüşlər barədə məlumat verib.
Görüşün sonunda nazir qonaqların suallarını cavablandırıb.
AzNews.az