Həbsxanaya kartof içində telefon keçirmək istədilər- FOTO
8 Oktyabr 2013 15:03 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Surac Hüccət oğlu Hüseynova vətəndaş Namid Əfrail oğlu Kəlbiyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı 3 ədəd kartofun içərisinə ayrı-ayrılıqda xüsusi üsulla yerləşdirilmiş 1 ədəd "Nokia E-72", 1 ədəd "Nokia-106" markalı mobil telefon aparatları və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü S.Hüseynov Cinayət Məcəlləsinin 234.4.2 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; təkrar törədildikdə); 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) və 93.1.4-cü (Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları; cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
AzNews.az