"Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsi uğurla başa çatdı. İyul ayı ərzində həyata keçirilən bu layihə gənclərimiz tərəfindən yüksək qiymətləndirilir". YAP Gənclər Birliyinin sədri Seymur Orucov belə deyib.
S.Orucov bildirib ki, builki "Yay məktəbi"ndə partiyanın üzvü olan yüzlərlə fəal gənc iştirak edib. Bu layihənin 2007-ci ildən həyata keçirildiyini xatırladan S.Orucovun sözlərinə görə, tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib. "Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil ediblər. Hər il olduğu kimi bu dəfə də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində təşkil olunub. Gənclərin yerləşdiyi otellərdə yüksək şərait var, onlar bu otellərin bütün xidmətlərindən istifadə edə biliblər".
"Layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-birilə təmas, münasibət qursunlar, eləcə də onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunur"-deyə bildirən S.Orucov qeyd edib ki, gənclərin intellektul səviyyəsinin zənginləşməsi baxımından da bu layihə əhəmiyyətlidir: "Yay məktəbi"ndə partiyamızı təmsil edən deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olublar.
Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlarından suallara cavab veriblər. Hesab edirəm ki, "Yay məktəbi" gənclərimizin intellektual səviyyəsinin daha yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir". S.Orucovun sözlərinə görə, bu layihə növbəti illərdə də davam etdiriləcək.
Gültən
AzNews.az