Daha bir prezidentliyə namizəd İlham Əliyevi təbrik etdi

11 Oktyabr 2013 11:20 (UTC+04:00)

"Hesab edirik ki, uduzmağı da bacarmaq lazımdır. Bizim uduzmağımızın əsas səbəbi elektoratın seçkidə fəal iştirak etməməsi oldu. Partiyamız seçkilərin nəticəsini tanıyır. Mən hazırkı hakimiyyətdən bundan sonrakı fəaliyyətində milli-demokratik düşərgənin maraqlarını ciddi şəkildə nəzərə almağın, milli birlik və barışı təmin edən, Qarabağ problemi də daxil olmaqla bütün ümummilli məsələləri daxili güclərə söykənərək həll etmənin vacibliyini qeyd edərək, İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətilə təbrik edirəm". Bu bəyanat Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Fərəc Quliyev səsləndirib.

Partiyanın sədr müvini Həbib Ələkbərov isə bildirib ki, seçki prosesini partiyanın 800-dən çox müşahidəçisi, məşvərətçi səs hüquqlu nümayəndəsi, vəkilləri müşahidə edib: "Hesab edirik ki, əgər bu gün biz hakimiyyətdə deyiliksə, ideyalarımızın da bizim kimi müxalifətdə qalması millətin əleyhinə işləyən bir haldır. Ona görə də bu ideyaların kim tərəfindən deyil, növbəti 5 ildə də necə həyata keçməsi bizim üçün əsas prioritet olacaq. Biz inqilabi dəyişikliyin əleyhinəyik".

Elnur
AzNews.az