Barak Obama büdcə layihəsini imzaladı
17 Oktyabr 2013 08:26 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama dövlət idarələrinin fəaliyyətini bərpa etməyə və dövlət borcunun yuxarı həddinin artırılmasına imkan verən büdcə layihəsini təsdiqləyib.
Layihə Konqresin yuxarı və aşağı palataları tərəfindən qəbul olunub. Oktyabrın 1-dən qismən bağlanmış dövlət idarələri bu gündən fəaliyyətini tam bərpa edəcək.
Dövlət büdcəsi layihəsinin kompromis variantı Ağ Ev və Respublikaçılar Partiyasının nümayəndələri arasında uzun sürən danışıqlardan sonra oktyabrın 16-da gecə Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunub. Ağ Ev səhiyyə sistemi islahatları üçün nəzərdə tutulan xərcləri korrektə etməyə razılaşdıqdan sonra tərəflər arasında kompromis əldə edilib. Sənədin təcili qəbulu zəruri idi, əks halda ölkə oktyabrın 17-də texniki defolt vəziyyətinə düşə bilərdi.
Xatırladaq ki, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar və səhiyyə islahatlarında maliyyələşdirmə məsələsində Senata nəzarət edən demokratlar arasındakı fikir ayrılıqları oktyabrın 1-də ABŞ-da başlayan yeni maliyyə ilində büdcə layihəsinin Konqres tərəfindən qəbul edilməsinə imkan verməmişdi. Nəticədə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar işini dayandırıb, 800 min nəfər dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib.(apa)
AzNews.az