Rusiya XİN-i Polad Bülbüloğluna etiraz etdi
17 Oktyabr 2013 15:30 (UTC+04:00)
"Azərbaycanın Moskvadakı səfirinin Rusiyada anti-Azərbaycan isterikasının qızışdırılması haqda bəyanatı əsassızdır və uydurma xarakteri daşıyır".
APA-nın məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O, bildirib ki, Moskvanın Qərbi Biryulevo rayonunda baş vermiş hadisələrlə bağlı Rusiya hakimiyyət orqanlarının rəsmi şərhlərində və KİV-in xəbərlərində milli aspektə işarə vurulmayıb: "Cənab səfirin dedikləri bizdə təəccüb doğurdu. Bildirmək istəyirəm ki, Rusiya KİV-i və dövlət orqanları baş vermiş hadisə ilə əlaqədar milli münaqişəyə zəmin yaradacaq bəyanat səsləndirməyiblər. Rusiya dövlətinin müvafiq orqanları hər şeyi qanun çərçivəsində edirlər".
A. Lukaşeviç Azərbaycanın Rusiyadakı səfirliyindən nota aldıqlarını təsdiqləyib: "Saxlanılan Azərbaycan vətəndaşına konsulluq dəstəyinin göstərilməsi tələbi ilə nota almışıq. Saxlanılan Azərbaycan vətəndaşı beynəlxalq razılaşmalar çərçivəsində notada tələb olunanlarla təmin olunacaq".
AzNews.az