Orxan Zeynalovla bağlı istintaqa müraciət edildi

21 Oktyabr 2013 10:04 (UTC+04:00)
Rusiyanın "İctimai Hökm" (Obhestvennıy Verdikt) Fondu Moskvanın Qərbi Biryulevo rayonunda iğtişaşlara səbəb olan 25 yaşlı Yeqor Şerbakovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun tutulması zamanı ona qarşı edilən kobud rəftarla bağlı Rusiyanın İstintaq Komitəsinə müraciət edib.

APA-nın Fondun saytına istinadən verdiyi məlumata görə, təşkilatın bəyanatında deyilir ki, müqavimət göstərə bilməyən istənilən insana qarşı səbəbsiz olaraq güc istifadə edilməsi praktikası həm Rusiya qanunvericiliyinə, həm də beynəlxalq normalarına uyğun olaraq qəbuledilməzdir. Fond hesab edir ki, zorakılığın və qanun pozuntusunun aşkar şəkildə nümayiş olunması polis üçün qəbuledilməz davranış formasıdır.

Fondun bəyanatında eyni zamanda vurğulanır ki, müqavimət göstərə bilməyən saxlanılan şəxsə qarşı güc tətbiq edilməsi Rusiya hüquq-mühafizə orqanların sistematik problemidir: "Bu günə qədər Daxili İşlər Nazirliyi zorakılığın və kobud rəftarın tətbiq edilməsinin qəbuledilməz olduğunu bəyan edirdi, indi isə Rusiya vətəndaşları bu cür praktikanın istifadə edilməsini gördülər. Orxan Zeynalovun helikopterin döşəməsində uzanmış vəziyyətdə daşınılması, onun hüquq müdafiəçi olmadan meşədə dindirilməsi, bədəninin üzərinə çıxılması və insanın ləyaqətini açıq aşkar alçaldan digər hərəkətlərin edilməsi bizim fikrimizcə qəbuledilməzdir".

Bəyanatın sonunda "İctimai Hökm" Fondu Rusiya İstintaq Komitəsini polislərin O. Zeynalova qarşı edilən hərəkətlərinə qiymət verməyə və Rusiya DİN-i bu cür praktikadan imtina etməyə çağırıb.

AzNews.az